Baş katib İslam ölkələrinin birliyinin vacibliyini vurğulayıb
Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının baş katibi Höccətül-islam vəl-müslimin Həmid Şəhriyari “Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş” beynəlxalq konfransda çıxış edərək, İslam dünyasında mövcud vəziyyətə toxunub və iki əsas prinsip – “insan ləyaqəti” və “ədalət” üzərinə xüsusi diqqət çəkib. O bildirib ki, insan ləyaqəti dini və etiqadından asılı olmayaraq bütün insanların malik olduğu ilahi haqqdır. Ədalət isə Qurani-Kərimin təlimlərində ən ali ictimai dəyərlərdən biridir.
Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının baş katibi Fələstində baş verən hadisələrə toxunaraq bildirib ki, İslam dünyası artıq yetmiş ildən çoxdur Fələstinin işğalı və bu torpaqların əhalisinin didərgin salınması problemi ilə üz-üzədir və Qərb dövlətlərinin sionist rejiminə dəstəyi bu vəziyyətin davam etməsinə səbəb olub.
Höccətül-islam Şəhriyari Qərbin müharibə və insan hüquqları məsələlərinə münasibətdə nümayiş etdirdiyi ikili standartları tənqid edərək bildirib ki, artıq İslam ölkələrinin, dünyanın azadlıqsevər xalqlarının və beynəlxalq təşkilatların Fələstin xalqına praktiki dəstək göstərmək üçün birləşməsinin və Fələstin məsələsini prioritetə çevirməsinin vaxtı çatıb.
O, sionist rejiminin və cinayətkar ABŞ rejiminin İrana qarşı hərbi təcavüzünü İran İslam Respublikasının müstəqilliyi və imkanlarının səviyyəsi baxımından bir sınaq kimi qiymətləndirərək bildirib: “Güclü İran İslam ölkələri və məzlum xalqlar üçün nümunə ola bilər ki, onlar xarici güclərə arxalanmaq əvəzinə, öz daxili potensiallarına və Uca Allaha güvənsinlər.”
Höccətül-islam Şəhriyari region ölkələri arasında münasibətlərin inkişafını İslam dünyasında əməkdaşlığın və həmrəyliyin güclənməsinin göstəricisi kimi qiymətləndirərək bildirib: “Bu gün İslam birliyinin praktiki müstəvidə zəruriliyi hər zamankından daha aydın şəkildə özünü göstərir. Region ölkələri belə bir qənaətə gəliblər ki, davamlı təhlükəsizlik məhz region ölkələrinin öz aralarında əməkdaşlıq yolu ilə təmin olunur və onlar arasında daha sıx münasibətlərin qurulması böhranların azalmasına və regional sabitliyin möhkəmlənməsinə zəmin yarada bilər.”