Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Cənab Pezeşkian Azərbaycan Baş nazirinin müavini ilə görüşdə: Tehranla Bakı arasında münasibətlərin möhkəmlənməsi üçün quru, hava və dəmir yolu marşrutlarının inkişafı vacib şərtdir. İran İslam Respublikasının qonşuluq siyasətində Azərbaycan Respublikasının xüsusi mövqeyini vurğulayan prezident ikitərəfli əlaqələrin dərinləşdirilməsinə, imzalanmış sazişlərin həyata keçirilməsinə və nəqliyyat dəhlizlərinin inkişafının sürətləndirilməsinə çağırış edərək, mövcud imkanlardan maksimum səviyyədə istifadə etməyin vacibliyini qeyd edib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə Prezident Məsud Pezeşkian iki ölkə arasında münasibətlərin artan tendensiyasına toxunaraq Tehran və Bakı arasında münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsi üçün mövcud imkanlardan maksimum dərəcədə istifadənin zəruriliyini vurğuladı.
Prezident bildirib ki, Azərbaycan Respublikası İran İslam Respublikasının qonşuluq siyasətində xüsusi mövqeyə malikdir: "Biz bir-birimizin qohumu və qardaşıyıq, mövcud imkanlardan və qonşuluq üstünlüyündən istifadə edərək iki ölkə arasında əlaqələri və bağları daha da genişləndirməliyik."
Prezident Məsud Pezeşkian hər iki xalqın müxtəlif sahələrdəki geniş bağlarına işarə edərək əlavə edib: "İki ölkənin elmi, mədəni, iqtisadi, siyasi və təhlükəsizlik münasibətləri bir-birinə sıx bağlıdır və biz birgə səylərlə bu əlaqələrə daha çox dərinlik və möhkəmlik qazandırmalıyıq."
Prezident sərhədlərin iki ölkə əlaqələrinin inkişafı üçün maneəyə çevrilməməli olduğunu vurğulayaraq qeyd edib: "qarşılıqlı əlaqələrin gücləndirilməsi və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün ortaq sərhədlərin potensialından və hər iki ölkənin coğrafi mövqeyindən istifadə etməliyik."
Cənab Pezeşkian, həmçinin Azərbaycan Respublikası Baş nazirinin müavininin səfəri və İranın yol və şəhərsalma, eləcə də energetika nazirləri ilə görüşləri zamanı əldə olunmuş razılaşmalardan məmnunluğunu ifadə edərək, bu razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb və bildirib: "Ümidvarıq ki, hər iki tərəfin səyi və ciddi izləməsi ilə əldə olunan razılaşmalar tezliklə icra mərhələsinə qədəm qoyacaq."
Prezident nəqliyyat və kommunikasiya xətlərinin inkişafının iki ölkəni və xalqı birləşdirən ən mühüm vasitələrdən biri olduğunu bildirərək sözlərini belə davam etdirib: "İki ölkə arasındakı quru, hava və dəmir yolu infrastrukturu daha da inkişaf etdirilməlidir; çünki bu yollar nə qədər çox əlaqəli və güclü olarsa, iki xalq arasındakı bağların artması və möhkəmlənməsi üçün bir o qədər çox zəmin yaranacaq."